XƏBƏRLƏR / Siyasət

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Trampın bu bəyanatına münasibət bildirib

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib.

    Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib.

    Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə" yoluna qoya bilərdi, lakin o bunu etməməyi seçib.

    "Düşünürəm ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb... Mən sövdələşmə bağlaya biləcək yeni bir lider tapmağı təklif edirəm. Çünki o, (Zelenski - ANS Press) çoxlu sövdələşmələr bağlaya bilərdi, lakin nədənsə bunu heç vaxt etmədi", - Tramp bildirib.

    Ağ Ev rəhbəri həmçinin vurğulayıb ki, Zelenski Rusiyanın neft emalı zavodlarına zərbələr endirməklə bütün dünya üçün problem yaratmaq istəyir.

    "Biz dedik ki, bircə neft emalı zavodlarına zərbə endirməyin, axı Rusiya bütün dünya üzrə dizel yanacağının əhəmiyyətli hissəsini tədarük edir, dizel yanacağına zərbə endirməyin, çünki bu, ciddi problemə, onun kəskin qıtlığına gətirib çıxaracaq". Bəs o nə edir? Gedir və dizel yanacağına zərbələr endirir. O belə hərəkət edə bilməz, çünki bizim qlobal problemimiz var və bu problem dizel yanacağı istehsal edən neft emalı zavodlarının çatışmazlığından qaynaqlanır", - Tramp deyib.

    Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib.

    Müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib.

    Sibiqa qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenskini xalq dəstəkləyir.

    "Volodimir Zelenski müharibə dövründə, müstəqillik, azadlıq və ləyaqət uğrunda müharibə zamanı millətimizə rəhbərlik edir. O, Ukrayna xalqının dəstəyinə malikdir və onların (ölkə vətəndaşlarının - red.) qərar vermək hüququ var. Xaricdən səslənən bəyanatlar isə yalnız onun öz işinin öhdəsindən yaxşı gəldiyini təsdiqləyir", - Sibiqa vurğulayıb.

    O həmçinin əlavə edib ki, Ukrayna Prezidenti dəstəyə layiqdir.