Türkiyədən çıxan yük gəmisində partlayıcı aşkarlandı
Bu barədə "Reuters" məlumat yayıb
Terror və təxribat fəaliyyətlərinin qarşısının alınması, eyni zamanda təhlükəsizliyin təmin edilməsi məqsədilə Kerç boğazından keçən gəmilər yoxlanılır. Bu barədə "Reuters" Rusiya Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.
Bildirilib ki, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov Don limanına gedən xarici yük gəmisinin anbarında dinitrotoluol və tetril partlayıcı maddələrin izləri aşkar edilib, yük gəmisinin konstruksiya hissələrində yan müdaxilə əlamətləri müşahidə olunub.
Gəminin mayın sonunda Ukraynanın “Kiliya” limanında olduğu məlum olub. Üstəlik, iyul ayında Türkiyənin Tuzla limanında 12 Ukrayna vətəndaşından ibarət gəminin heyəti və yük gəmisinin adı dəyişdirilib.
"Bu hallar Ukrayna ərazisinə partlayıcı maddələrin çatdırılması üçün xarici mülki gəmidən istifadənin mümkünlüyünü göstərə bilər”.
FTX adını açıqlamadığı gəminin Kerç boğazında yoxlanıldığını və səyahətini davam etdirməsinə qadağa qoyulduğunu, bundan sonra onun Rusiya sularını tərk etdiyini bildirib.