Yaponiyada dağıdıcı Fukuşima zəlzələsindən 13 il ötür
Təbii fəlakət nəticəsində həyatını itirənlərin və itkin düşənlərin sayı 18 min 423 nəfərdir
Yaponiyada 2011-ci ildə baş vermiş 9 ballıq Fukuşima zəlzələsinin növbəti ildönümü qeyd olunur.
Yaponiya mediası xəbər verir ki, martın 11-də ölkənin müxtəlif yerlərində Fukuşima zəlzələsi qurbanlarının xatirəsi ilə əlaqədar anım tədbirləri təşkil olunub. Zəlzələnin qeydə alındığı saatda – 14:46-da sükut dəqiqəsində faciə qurbanları yad edilib. Paytaxt Tokioda Fukuşima zəlzələsinin rəsmi anım tədbirlərinin təşkili 2022-ci ildən dayandırılsa da, təbii fəlakətin baş verdiyi prefekturalarda müvafiq mərasimlər keçirilir.
Qeyd edək ki, Yaponiya tarixinə “Böyük Şərq zəlzələsi” kimi düşən yeraltı təkan və onun nəticəsində yaranan sunami ölkənin şərq və şimal-şərq sahillərinə böyük zərər vurub. Hakimiyyət orqanlarının bildirdiyinə görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin və itkin düşənlərin ümumi sayı 18 min 423 nəfər təşkil edir. Hələ də 29 min 328 nəfər öz doğma evlərindən kənarda yaşamaq məcburiyyətindədir.
Zəlzələ və sunami, həmçinin onların ardınca “Fukuşima-1” atom elektrik stansiyasında (AES) baş verən qəza İvate, Miyaqi və Fukuşima prefekturalarında 40-dək bələdiyyəyə ciddi ziyan vurub. Təbii fəlakət nəticəsində AES-in sıradan çıxmış 3 reaktorunun aktiv zonalarının soyudulması üçün istifadə olunmuş suyun Sakit okeana axıdılması isə davam edir.
Ötən ilin avqustunda başlanan və 4 mərhələni əhatə edən proses çərçivəsində 31200 ton təmizlənmiş suyun okeana axıdılması planlaşdırılıb. AES-in reaktorlarının soyudulması üçün istifadə olunmuş 1,34 milyon ton suyu qarşıdakı 30 il ərzində okeana axıdılması planlaşdırıb ki, bu da stansiyanın su ehtiyatının 98 faizi deməkdir. Yaponiya hökuməti bəyan edib ki, radioaktiv maddələrdən təmizlənən, lakin tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan suyun tərkibindəki zərərli maddələrin miqdarı standartlardan xeyli aşağıdır və okeanın ekosistemi üçün zərərsizdir.