XƏBƏRLƏR / Hadisə

Yük maşını avtomobilin üstünə aşıb, ölən və yaralı var

Ağır yol-nəqliyyat hadisəsi Bakı–Quba yolunda baş verib YENİLƏNİB

Yük maşını avtomobilin üstünə aşıb, ölən və yaralı var
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 14:09

    Hadisə ilə bağlı TƏBİB xəbər verir:

    Bu gün saat 12:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı-Sumqayıt yolu, Xırdalan dairəsi ərazisindən çağırış qeydə alınıb.

    Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Başın və bədənin səthi travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, vəziyyət stabil qiymətləndirilir.

    Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.

    ***

    13:50

    Baş Dövlət Yol Polisi İdarəsi Bakı–Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

    İdarədən verilən məlumata görə, bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.

    İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

    "Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil — digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.

    Bir daha qəti şəkildə bildiririk ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da sərtləşdiriləcək. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görüləcək", məlumatda deyilir.