Bu gün 17 yaşlı motosikletçi Zəhra dünyasını dəyişdi.
Media yazır ki, qəza baş verdi. Polis protokol tərtib etdi. Statistikaya daha bir rəqəm əlavə olundu. Amma həyat statistikadan ibarət deyil. Çünki bu gün ölən yalnız bir insan deyil.
Bu gün bir atanın əziz və ərköyün qızı ilə gələcəkdəki bütün söhbətləri öldü.
Bir ananın təkrarolunmaz, dünyada hamıdan gözəl qızı ilə qucaqlaşmaları öldü.
Bir ailənin hələ yaşanmamış yüzlərlə xatirələrindən ibarət xoşbəxtliyi öldü.
Mən uzun illərdir motosiklet sürürəm. Və bu illər mənə bir həqiqəti öyrədib: Motosiklet səhvləri bağışlamır. Tale isə motosikletçiyə çox vaxt ikinci şans vermir.
Ona görə də bu gün Zəhranın ölümündən danışarkən mən heç kimi ittiham etmək istəmirəm. Çünki bu gün ittiham günü deyil. Bu gün düşünmək günüdür.
Düşünmək ki, niyə hər il dünyanın müxtəlif yerlərində minlərlə gənc motosikletçi öz yolunu yarımçıq qoyur. Düşünmək ki, niyə bir çox sürücü güzgüyə baxmağı vacib hesab etmir. Düşünmək ki, niyə bəzən sürət göz qırpımını gözləyir. Düşünürəm ki, niyə əyləc göz qırpımı deyil, əl-ayaq altındadır.
Bəli - motosiklet azadlıqdır. Və biz onu bu səbəbdən əzizləyib qoruyuruq! Amma azadlığın qiyməti ölümdürsə - bu artıq azadlıq deyil, onun tam əksidir. Sürətlə getmək asandır. Təhlükəsiz qayıtmaq çətin...
Bu gün Zəhranın xatirəsi qarşısında baş əyərək bütün gənc motosikletçilərə bir söz demək istəyirəm: Heç kim sizi evdə gözləyən insanlardan daha vacib deyil - heç bir sürət, heç bir rekord, heç bir emosional an, heç bir nümayiş, heç bir risk. Çünki evdə sizi gözləyən insanlar var. Və onlar üçün sizin sağ qayıtmağınız hər şeydən qiymətlidir.
Avtomobil sürücülərinə də bir sözüm var: sizin üçün yolda görünən kiçik bir nöqtə bəzən bütöv bir ailənin bütün dünyası olur. Bir dəfə artıq güzgüyə baxın. Bir dəfə artıq yol verin. Bir dəfə artıq diqqətli olun. Çünki motosikletçinin ətrafında metal rama-karkas yoxdur. Onun ətrafında yalnız həyat var, qəddar və vəhşi həyat.
Zəhranın valideynlərinə isə demək istədiyim yalnız bir cümlə var: sizin qızınız təkcə sizin qızınız deyildi - bu gündən etibarən o, Azərbaycan motosikletçilərinin balası, bacısı və əmanətidir.
Allah rəhmət eləsin.
Yarımçıq qalan yolu isə nur içində davam etsin.
"Harley Owners Group" (HOG) rəhbəri
Vahid Mustafa yev
3 dəqiqə