Zurabişvilinin Paşinyanla görüşünə icazə verilməyib
Bu barədə o, sosial şəbəkə hesabında yazıb
Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədəki səhifəsində yanvarın 26-da Tbilisiyə səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşə bilməməsindən təəssüfləndiyini bildirib.
Bu barədə o, sosial şəbəkə hesabında yazıb.
“Gürcüstan Prezidenti Ermənistanın baş nazirinin ölkəyə səfərini alqışlayır, lakin prezidentə dost ölkələrin liderləri ilə görüşmək və lazımi şəkildə qəbul etmək imkanı verilmədiyinə görə təəssüflənir. O da təəssüf doğurur ki, aidiyyatı qurumlar ölkədə yüksək səviyyəli səfərlər, görüşlər və ya planlaşdırılan tədbirlər barədə dövlət başçısına məlumat vermirlər”, - Gürcüstan dövlət başçısının bəyanatında deyilir.
Zurabişvili bundan əvvəl şikayət etmişdi ki, ona tədbirlərdə danışmağa icazə verilmir və çox vaxt ona məhəl qoyulmur.
Xatırladaq ki, Paşinyan yanvarın 26-da Tbilisiyə işgüzar səfərə gəlib. O, artıq Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə danışıqlar aparıb. Daha sonra tərəflər Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 13-cü iclasını keçiriblər. Danışıqlar nəticəsində Gürcüstanla Ermənistan arasında strateji əlaqələrin qurulacağı açıqlanıb.