13:38
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında həlak olan liviyalı hərbçilərin adlarını açıqlayıb.
Məlumata əsasən, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Həddad, Quru Qoşunlarının komandanı, general-leytenant Futuri Qribel, Hərbi Zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteyvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Assavi və fotoqraf Məhəmməd Omar Əhməd Mahcuba həlak olub.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin adından Liviyaya başsağlığı verilib.
***
11:32
Ankara yaxınlığında qəzaya uğrayan Liviya hərbi komandanlığının üzvlərini daşıyan təyyarənin uçuş qeyd cihazı Türkiyədə tapılıb.
Hakimiyyət orqanlarının məlumatına görə, qara qutu qəzanın səbəbini müəyyən etmək və deşifrə etmək üçün mütəxəssislərə təhvil veriləcək. Təfərrüatlar hələ də dəqiqləşdirilir.
***
11:25
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada qəzaya uğrayan, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu “Falcon 50” tipli təyyarə ilə bağlı araşdırma aparılması üçün Liviyadan 22 nəfərlik heyətin Ankaraya yola düşdüyünü bildirib.
Nazir qara qutunun gecə saatlarında tapıldığını qeyd edib.

“Qəza sahəsində saat 02:45-də təyyarəyə məxsus səs qeyd cihazı, saat 03:20-də isə qara qutu aşkar edilib. 22 nəfərlik Liviya heyəti Ankaraya yola düşüb”, - Ali Yerlikaya bildirib.
***
08:07
Liviyanın Baş naziri: Türkiyədəki təyyarə qəzasında sağ qalan olmayıb
Ankara-Tripoli reysini yerinə yetirərkən qəzaya uğrayan təyyarədə Liviyanın Baş qərargah rəisi ilə birlikdə 5 nəfər həlak olub.

Bu barədə Liviya Milli Birlik Hökumətinin rəhbəri Abdul Hamid Dbeyba məlumat verib. Hökumət başçısı qəzada ölənlərin ailələrinə başsağlığı verib. Havaya qalxdıqdan 42 dəqiqə sonra radarlardan itən “Falcon 50” tipli təyyarənin qalıqları Haymana rayonunun Kesikkavak kəndindən 2 kilometr uzaqlıqda aşkarlanıb. Qəza ilə bağlı cinayət işi açılıb. Türkiyənin ədliyyə naziri Yılmaz Tunç bildirib ki, istintaq tədbirləri 4 prokurura həvalə edilib.

Daxili işlər naziri Ali Yerlikayanın məlumatına əsasən, rəsmi səfər proqramı yekunlaşandan sonra 5 nəfərlik heyət “Falcon 50” tipli təyyarə ilə Liviya uçub. Saat 20:52-də təyyarə ilə əlaqə kəsilib.
Liviya Milli Birlik Hökuməti Türkiyədə baş verən təyyarə qəzasında Baş qərargah rəisi Mohammed Ali Ahmed el Haddadın başçılıq etdiyi heyətin həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.
2 dəqiqə