“Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi keçirilir
Bütün dünyada olduğu kimi, ölkəmizdə də ürək-damar xəstəlikləri vaxtsız ölümlərin əsas səbəblərindəndir
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresi öz işinə başlayıb.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə mayın 19-dan 21-dək keçirilən konqresin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı məktubunu oxuyub.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keçirilən konfransın Azərbaycan tibbi və elmi üçün vacibliyini vurğulayaraq, ürək-damar xəstəlikləri kimi problemlərin ölkəmizdə aktuallığını, Prezident İlham Əliyevin konqres ilə bağlı məktubunun bu sahənin vacibliyinin ən bariz nümunəsi olduğunu qeyd edib. “Heydər Əliyevin peşəkar tibbi kadrların yetişdirilməsində rolundan danışıb: “Ulu Öndər ilk dəfə hakimiyyətə gəldiyi gündən tibbi kadrların yetişdirilməsinə böyük önəm verib. Mən də həmin şanslı gənclərdən olmuşam. Bu gün bir çox xəstəxanaların rəhbərliyində, tibb universitetinin qocaman müəllimləri arasında məhz Heydər Əliyev sayəsində xaricdə təhsil alan həkimlər var".
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev tibb elminin sürətlə inkişaf etdiyi dövrdə əcnəbi mütəxəssislər tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və sözügedən sahədə yeniliklərin müzakirəsinin vacibliyini vurğulayıb: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına əsasən ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən əsas xəstəliklər arasında birinci yerdədir. Ölkəmizdə də ölümlə nəticələnən xəstəliklər siyahısında qan dövranı sistemi xəstəlikləri ön sıralardadır. İcbari tibbi sığortanın tətbiqindən sonra bir çox cərrahi əməliyyatlar kimi ürək əməliyyatları da vətəndaşlar üçün daha əlçatan olub. Vətəndaşlarımız bu xidmətlərdən dövlət tibb müəssisələri ilə yanaşı, agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində də yararlana bilirlər. Təkcə, ötən il agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqlar üzərində 34 mindən çox ürək-damar əməliyyatı icra olunub. Cari ilin ilk 3 ayı üçün bu rəqəm 5 mini ötüb. Artıq bu ildən ilk dəfə olaraq TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarında ürək-damar cərrahiyyəsi mümkün olacaq”.
Səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışında Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna nəzər salaraq bildirib ki, Azərbaycan dövlətçiliyinin, ordusunun, mədəniyyətinin, səhiyyə və təhsil sistemlərinin inkişafında Ümummilli Liderin rolu əvəzolunmazdır. Nazir müavini qeyd edib ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti bu gün sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun ölkəmizdə sədaqətlə davam etdirilməsi digər sahələr kimi, səhiyyə sistemində də uğurlara yeni vüsət verib. Heydər Əliyevin uzun illərə hesablanmış strategiyasının uğurla tətbiqi nəticəsində səhiyyə sistemini qarşıda daha böyük tərəqqi, nailiyyətlər gözləyir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov konqresin azərbaycanlı həkimlərə dünyanın qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı yaratdığını deyib: “Ürək-damar xəstəlikləri dünyada ölümlə nəticələnən xəstəliklər arasında birinci yeri tutduğu üçün kardiologiya daim xüsusi diqqət tələb edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarına görə, hər il dünyada 18 milyon insan ürək-damar xəstəlikləri səbəbindən dünyasını dəyişir.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də ürək-damar xəstəlikləri vaxtsız ölümlərin əsas səbəblərindəndir. TƏBİB olaraq ürək-damar xəstəliklərinin müayinə və müalicəsi xidmətlərinin təşkili və əlçatanlığı istiqamətində daim işlər aparırıq”.
O, kardioloji xəstəliklərlə bağlı yalnız paytaxt Bakıda deyil, respublikanın digər bölgələrində də keyfiyyətli və əlçatan tibbi xidmətin təşkil olunduğunu deyib.
“Bakı Ürək Günləri” Beynəlxalq Konqresinin fəxri qonağı, vaxtilə Klivlend klinikasında Ulu Öndərin həkimi olan məşhur kardioloq, professor Murat Tuzcu Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev konqresin keçirilməsində əsas məqsədin Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yenilikləri müzakirə etmək olduğunu deyib. O, qeyd edib ki, konqresdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edir və konqresin rəsmi açılış mərasimindən sonra ürək-damar xəstəlikləri, onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, konqres elmi hissə ilə davam edir. Mayın 21-dək yerli və xarici mütəxəssislər təbabətin müxtəlif problemlərini əhatə edən təqdimatlarla çıxış edəcək, mövzular ətrafında müzakirələr aparılacaq.