BLOQ

Mənfiləri müsbətə çevirmək

İran islahatçılarının “Sivilizasiyalararası dialoq” siyasəti zibil qutusuna atıldı

Mənfiləri müsbətə çevirmək
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Mənfiləri müsbətə çevirmək dahilərə məxsusdur.

    İsrailə bu günkü hücumu ilə İran Qərblə bütün dialoqlarını, gizli-açıq əlaqə tellərini kəsdi.

    İran islahatçılarının, Məhəmməd Hatəmi düşərgəsinin “Sivilizasiyalararası dialoq” siyasəti zibil qutusuna atıldı. Yəni...

    Yəni, İranın Qərblə hər cür dialoqu, iş birliyi Bakı üçün çox təhlükəli idi. İslahatçıların “Ariana”, yəni “Hind-İran-Avropa Birliyi” projesi Azərbaycanı dünya siyasi arenasında təklədə bilərdi. 

    Tehran işarələdiyimiz bu “Ariana” layihəsinin icrasına, leqallaşdırılmasına doğru bir neçə vacib addımlarını artıq atmışdı. Parisdəki İran səfirinin dəyişdirilməyi buna xidmət edirdi. Ermənistanla münasibətlərin isinməsi də, bəli, məhz bu xətti güdürdü. “Paris-Tiflis-İrəvan-Tehran-Dehli” trafiki, loqistikası sürətlə Çin-Türküstan-Azərbaycan-Türkiyyə xəttinə qarşı çıxırdı.

    İran islahatçıları bu siyasətlərini “fərqli ölkələr, mədəniyyətlərarası dialoq” platforması üzərində qurmuşdular. Məqsədləri həm də İrandaxili siyasi arenada mühafizəkarlar klanını zəiflətmək, xarici siyasəti Qum mollalarının, daha dəqiq desək? molla parlamenti - Xubreqanın caynağından qurtarmaq, qopartmaq idi.

    Bizim üçün bu islahatçılar, məncə, İran mühafizəkarlarından, İran seyidlərindən daha qorxuludurlar. Çünkü İranın Qərblə, Ermənistanla isti münasibətləri Bakı üçün yaxşı heç nə vəd etmir. Dünənki gecə hücumu bu siyasi trenddə dərin çatlar yaratdı.

    İranın bu tezliklə Qərblə, ABŞ-la isti münasibətlərə keçməyi artıq o qədər inandırıcı görünmür. İsrail maraqlarını İrana qurban vermək, düzü, Qərb üçün qəbuledilməzdir.

    Ayın 18-də İranın xarici işlər naziri cənab Abdollahiyan BMT-nın Fələstin böhranına həsr edilmiş iclasına qatılmalı idi. İranda iki xarici işlər naziri var - cənab Abdullahian, bir də... Bir də Vilayəte-fəqih Seyidəli Xamneyinin xarici işlər naziri cənab Vilayəti.

    Aprelin 18-də XİN rəhbəri Abdolahianın Nyu York səfəri Qərbi də aldatdı, elə Abdollahianın özünü də. Hamı bu tarixi güdürdü... Elə bilirdilər bu səfərə qədər İran güc-əzələ siyasətindən çəkinəcək. Dünənki zərbələr bunu puç etdi. İran xarici siyasətində mühafizəkarlar, Xamneyi dəstəsi, Əli Əkbər Vilayəti ulduzu parlamağa başladı.

    Bakı üçün İran mühafizəkarları, təəccüblənməyin, qərbmeyilli islahatçılardan daha münasibdir. Çünkü İranın Qərblə, ABŞ-la maraqları üst-üstə düşsə, Bakı üçün çətin günlər başlaya bilər.

    Yadda saxlayaq! Tehran, ünvanlı danışsaq - məhz Xamneyi Qərbə, İsrailə zərbə vurmaqla ilk növbədə öz daxilində bəzi məsələləri həll etdi. Öz mühafizəkarlar düşərgəsini gücləndirdi. İslahatçıların yuva qurduğu XİN-i ikinci dərəcəli etdi. Əli Əkbər Vilayətini şişirtdi. İsrailin cavab zərbələri, sonrakı cari hadisələr artıq ikinci dərəcəlidir.

    İranda mühafizəkarlar gücləndi.

    İslahatçıların “Diloq” siyasəti bitdi.

    Parisdəki, İrəvandakı səfirlər yenidən dəyişdirilə bilər.

    Bakıya göndərilən səfir də, düşünüldüyü kimi, artıq fars olmayacaq. Seyid olacaq.
    Seyidlər, yəni Xamneyi dəstəsi həmişə bir başqa diloq tərəfdarı olublar. Farslarla türkləri barışdırmaq istəyiblər.

    Qısası, İranla Azərbaycan arasında gərginlik yox... əməkdaşlıq meyilləri artacaq. Bu da bizm üçün çox sərfəlidir.